İlk işə başlayanda yaşadığın təşvişi necə məğlub edə bilərsən?

İlk işə başladığın günü xatırlayırsan? Keçirdiyin hislər yadındadır? Bəlkə bu uzun müdddət əvvəl baş verib bəlkə də hələ yenicə. Daha çox hansı hisləri yaşamışdın ya da yaşayırsan?

Fərqi yoxdur karyeranın ilk addımıdır ya da bir neçənci iş dəyişikliyindir, işə başlayarkən ilk həftələrdə ümumiyyətlə keçirilən hislər belə olur: sevinc, həyəcan, qorxu və təşviş. Bu hislərin hamısını eyni gün yaşamasan da ilk həftə bu hislər səni ziyarət etməyi unutmur. Sevinclisən çünki bir işə sahibsən və əgər bu iş həvəsli olduğun sahədirsə bu sevincin həddi olmur. Həyəcan yeni iş yoldaşları ilə tanışlıqdan sonra başlayır. Əgər şanslısansa iş yoldaşların səni gülər üzlə və bir dostun səmimiyyəti ilə qarşılayacaqlar. Bu baş verərsə həyəcanın həvəsə, ilhama və iş əzminə tərcümə olunacaq.  Yox, əgər iş yerin daha çox “qızıl rəngi ənənəsinə görə” idarə edilirsə onda sənin ilk gün sevinc və həyəcanın qorxu və təşviş ilə özünü əvəz edə bilər. “Qızıl rəngi ənənəsi” budur ki, iş mühitindəki idarə sistemi bir komanda-lider münasibəti ilə deyil üst idarəçi işçi arasındakı iyerarxika və dəqiqlik üzərinə qurulmuş münasibət ilə idarə edilir. Burada kreativlik və innovasiya arxa planda qalır. Dövlət işlərini buna misal göstərmək olar, ancaq hal-hazırda bir çox özəl sektorda da bu cür idarə sistemi mövcuddur.

Yeni başladığın iş yerində təşviş hisləri keçirmək çox normaldır ancaq bu hislər bir neçə həfətədən sonra hələ də davam edirsə artıq yeni addımlar atmaq vaxtındır. Yenicə başladığın işi tərk etmək lazımdır yoxsa qalıb o mühitə uyğunlaşmaq? Gəl, bunun üzərində bir az danışaq.

Şəxsiyyət testi etmisən?

“4 rəng şəxsiyyət növləri” testi ilə hansı iş mühitində daha uğurlu bir karyera yolu izləyə biləcəyini ortaya çıxara bilərsən. Narıncı, qızıl, yaşıl və mavi rənglərə ayrılan bu testdə hər rəng ayrı bir şəxsiyyət növünü təmsil edir. Bu testi etmək üçün True Colors saytında özünü tanımaq üçün yeni bir səfərə çıxa bilərsən.

Testi etməyin üstünlüyü odur ki, getdiyin iş yeri mühiti sənin şəxsiyyət ölçülərinlə uyğunlaşmırsa bunu fərq edirsən. Həmin mühitdə yaşadığın mənfi hadisələri şəxsi qəbul etmirsən və iki yoldan birini seçməli olduğunu bilirsən. Birinci və məntiqli olan yol odur ki, dərhal yeni bir iş axtarmağa başlayırsan və bu dəfə müraciət etdiyin iş yeri mühiti haqqında dərin araşdırma aparırsan. Sosial mediada şirkətlər haqqında işçilərin bir çox şərhi mövcuddur. Həmin iş yerində işləyən bir neçə işçi ilə də əlaqəyə keçib ordakı mühit haqqında soruşa bilərsən. Ancaq həmin şəxslərin idarə heyətində olmamasına diqqət etmək lazımdır. İşçilərin verdiyi cavablardan yola çıxaraq öz şəxsiyyət növünə görə həmin iş yerində karyera yolunda irəliləyib irəliləməyəcəyini görə bilərsən.

İkinci yol isə, həmin iş yerində qalıb şəxsiyyətini iş yeri ənənəsinə uyğunlaşdırmaqdır. Bu isə çox çətin prosesdir və uğur ehtimalı isə çox azdır.

Akvaryumdakı balıq kimi müşahidə et

Yeni işə başladığın iş yeri səni  şəxsiyyət növün ilə uyğunlaşsa da sən yenə də ilk həftələrdə təşviş içinə olduğunu hiss edəcəksən? Bilirsən ki, bu iş yeri səni gələcək barədə həyəcanlandırır amma detallara nəzər yetirəndə təşviş yenə səni qovalayır. Balıq kimi akvaryumda olduğunu fikirləş və iş yeri mühitini müşahidə et. İş yoldaşlarını və onlar arasındakı münasibətləri öyrən.

İlk təəssüratlar bir gündə deyil, ilk bir neçə ayda ortaya çıxır. İş yerinin sənin şəxsiyyətinlə üst-üstə düşdüyünü anlamağın bir neçə ay çəkə bilər.

İşə başlayan kimi çox rahat olacağını fərz etmə. Bunun əvəzinə, “sınaq müddətindəymiş” kimi işlə. İşəgötürəninə səni işə götürməkdə doğru seçim etdiyini sübut etmək üçün bir neçə həftə vaxtın var. Səhv etsən belə növbəti gün yenidən cəhd etmək üçün qayıt.

Ən sonda, iş yeri ənənəsi və xarakterin arasında heç bir problem yoxdursa vaxt keçdikçə apardığın müşahidələr nəticəsində həmin mühitin yazılmamış qanunlarına əməl etdikçə təşviş hissin azalacaq və artıq komandanın bir parçası kimi fəaliyyət göstərməyə başlayacaqsan.

Uğurlar!

Leave your thoughts