Komanda qurmaq və Komanda olmaq

Uşaq vaxtı futbol oynayanlar ilkin olaraq iki lider seçərdilər. Bu liderlər o qrupun içində ən yaxşı oynayan insanlar olardılar. Sonrakı addım olaraq, o liderlər sıra ilə özünə uyğun gördüyü, başqa bir sözlə onu seçməklə oyunu qazanacağını düşündüyü insanları seçərdilər. Həmişə ən sona qalanlar pas atmayan, müdafiəyə köməyə gəlməyən, həmişə forvetdə qalan eqoist insanlar olardılar. Bu sistem təbii ki, iş yerində həyata keçirmək üçün tamamilə uyğun deyil, amma çox da fərqli deyil. Eqoist və özünü üstün görən, insanlar komandanı parçalayan ilk faktor olur.

Bir komandaya aid hiss etmək, daha geniş mənada, özündən daha böyük bir strukturun parçası hiss etməyin bir nəticəsidir. Bu da daha çox təşkilatınızın missiya və məqsədlərini doğru bir şəkildə başa düşməklə əlaqəlidir. Əgər sizin hal hazırdakı komanda qurmaq cəhdləriniz öz bəhrəsini vermirsə, bu diaqnozlar sizə kömək edə bilər. Yazımızın birinci hissəsində ilk altı diaqnozu, ikinci hissəsində isə digər altısını təqdim edəcəyik. Səmərəli, məqsədyönlü olaraq müvəffəq olmaq istəyən komandalar aşağıdakıları öz dəftərlərinə yazsalar heç də pis olmaz.

1. Açıq Gözləntilər:   

Üst rəhbərlik, komandasından nələr gözlədiyini açıq və dəqiq bir şəkildə təqdim edibmi? Komandadan performans və nəticə olaraq nə gözlənilir? Komanda üzvləri, komandanın niyə qurulduğunu bilirlərmi?

2. Kontekst:

Komanda üzvləri niyə bu komandada olduqlarını qavraya bilirlərmi? Onlar başa düşürlərmi ki, komanda olmaq şirkətin biznes hədəflərinə çatmaqda onlara necə kömək edə bilər? Komanda üzvləri komandanın vacibliyinin təşkilatın məqsədlərinə nail olmaq üçün çox vacib olduğunu, təşkilatın missiya, vizyon, hədəf və dəyərləri ilə komandanın gördüyü işin necə uyğunlaşdığını qavraya bilirmi?

3. Sədaqət:

Komanda üzvləri həqiqətən də bu komandanın üzvü olmaq istəyirmi? Komanda üzvləri komandanın missiyasına inanırlarmı? Komanda üzvləri missiya və hədəfləri yerinə yetirmək üçün hazırlanan plana sadiqdirlərmi?

4. Səriştəlilik (Qabiliyyət):

Komanda bir bütün olaraq üzvlərinin həqiqətən də iş üçün uyğun olduğunu hiss edirmi?  Proses inkişaf etdirmə üçün, planlaşdırılan hər addım ən az bir komanda üzvü tərəfindən təmsil edilirmi?

5. Nizamnamə: Hədəflərinə nail olmaq üçün şirkətin missiya və vizyonuna uyğun olaraq, komanda öz strategiya, missiya və vizyonunu dizayn edibmi? Komanda öz hədəflərini müəyyən edərək üzvlərini bundan xəbərdar edibmi?

6.Nəzarət: Komanda bu nizamnaməni həyata keçirmək üçün lazım olan azadlığa sahibdirmi? Eyni zamanda komanda üzvlərinin öz sərhədlərindən xəbəri varmı?

 

Leave your thoughts