Emosional Zəka, İşləmə Mexanizmi və İnkişaf Etdirilməsi

Emosional Zəka (Emotional Intelligence) konsepsiyası həm psixologiya, həm də sosial elmlərin digər sahələrində ən çox araşdırılan qavramlardan biridir. Bu konsepsiyaya yönəldilən maraqların mənbəyi bir vaxtlar ən çox satılan kitablar siyahısında ən yuxarılarda öz yerini tutan  Daniel Golemanın  (1995) “Emotional Intelligence” adlı kitabı olmuşdur. Goleman bu kitabında Emosional Zəkanın  idrak və təfəkkürlə bağlı zəkadan  daha  önəmli olduğunu vurğulayır, Emosional Zəkası olmayan/az olan fərdlərin ailəvi münasibətlərdən tutmuş iş həyatı ilə bağlı uğurlarına, cəmiyyətdəki münasibətlərdən sağlamlıq vəziyyətinə  qədər bir çox sahədə mənfi nəticələr əldə etmə ehtimalına diqqət çəkir. Golemana görə Emosional Zəka “özünü hər hansı bir iş üçün səfərbər etmək, müvəffəqiyyətsizliklərə baxmayaraq, yoluna davam etmək, əhval-ruhiyəsini tənzimləmək, çətinliklərin düşünməsini əngəlləməsinə icazə verməmək, başqalarının hisslərini anlamaq (empatiya), ümidvar olmaq, hər nə olursa-olsun ümid etmək” bacarığıdır.

Zəka, psixologiya elmində hər zaman maraq dairəsinə çevrilmiş bir anlayış olmuşdur.  Ortaya qoyulan Emosional Zəka konsepsiyası rasyonalizmi mənimsəyənləri bu mövzu ilə bağlı yenidən düşünməyə vadar etmişdir.

Uzun illər boyunca, emosiyaların zehni fəalliyyətlərin qarşısını aldığını və bu səbəbdən ötrü  nəzarətdə saxlanılmasının zəruri olduğu düşünülmüşdür. Hətta duyğuların bir bütün olaraq zehni fəaliyyətlərə mənfi təsir göstərdiyi qənaətində idilər. Son illərdə aparılan araşdırmalar IQ-nün həyatda uğur qazanmaq üçün kifayət etmədiyini, emosional bacarıqların da zəruri olduğunu ortaya qoymuşdur.

2014- cü ildə Forbes jurnalında dərc olunan  “Emotional Intelligence 2.0” başlıqlı məqalənin müəllifi Travis Bradberry, “Çalışdığımız bütün insanlar içərisində ən yaxşı performans ortaya qoyanların %90-nın Emosional Zəkada da yüksək olduğunu gördük”. Digər tərəfdən, aşağı performansa malik işçilərin % 20-i  Emosional Zəka baxımdan yüksəkdir. Siz EQ olmadan da yüksək performansa sahib biri ola bilərsiniz. Lakin şansınız azdır.

Emosional zəka, insanın özünün və başqalarının duyğularına həssas olmaq, öz duyğularını  idarə etmək  bacarığının keyfiyyətidir. Fərqli keçmiş və düşüncə tərzinə sahib olan şəxslərin bir-biri ilə  səmərəli  bir səkildə çalışmalarına imkan verir.

Emosional zəka fərdin həm özünün, həm də başqalarının emosiyalarını izləmək, onları müqayisə etmək və məlumatı, bilgini düşüncə və davranışlarına yönləndirmək üçün istifadə edə bilmək bacarığını ehtiva edən bir sosial zəka növüdür.

Hər nə qədər Emosional Zəka anlayışının nələri ehtiva etdiyi ilə bağlı elm adamları arasında anlaşmazlıqlar yaranmış olsa da, ümumiyyətlə, ən az 3 bacarığı ehtiva edir.

  1. Özünüdərk və ya insanın öz duyğularını müəyyən edə bilmə bacarığı,
  2. Bu duyğuları istifadə edə bilmə və eyni zamanda, problemlərin həllində tətbiq edə bilmə bacarığı,
  3. Öz duyğularını tənzimləmə və başqalarının duyğularını idarə edəbilmə qabiliyyəti.

Emosional zəka hissilikle qarışdırılmamalıdır. Emosional Zəka səviyyəsi yüksək olan birində hissiliyin də yüksək olduğu qənaəti yanlış baxış tərzidir. Emosional Zəka sahib olduğumuz  hislərimizin düzgün şəkildə idarə edilə bilməsi bacarığıdır, hissi olmaq demək deyildir.

Emosional Zəka əsasən insani, əxlaqi, mənəvi səriştəlikləri əhatə edir. Emosional Zəka səriştəliklərinə aşağıdakılar nümunə göstərilə bilər:

  • Özünü tanıma – duyğuların dərk olunması;
  • Qarşıdakını tanıma – empatiya;
  • Motivasiya – daxili motivasiya;
  • Öz gücünə inanma, daxili dünyası ilə ahəng içərisində yaşama;
  • Müstəqil ola bilmə;
  • Stresə davamlılıq;
  • Dinləmək və ünsiyyət bacarığı;
  • Sosial məsuliyyət;
  • Problem həll edə bilmə;
  • Özünü aktuallaşdırma;
  • Optimist – nikbin olma;
  • İradəli olma;
  • Elastiklik – uyğunlaşma bacarığı;
  • Xoşbəxt olma.

Güclü Emosional Zəkaya sahib olan insanlar cəmiyyət tərəfındən əksər hallarda yüksək rəğbət görürlər. Çünki onlar münasibətdə olduğu insanlarla necə davranılması lazım olduğunu çox yaxşı bilirlər və empatiya quraraq qarşıdakının düşüncələrinə hörmətlə yanaşmağı bacarırlar. Özləri özlərini motivə edə bilir və eyni zamanda, başqalarını da ruhlandıra bilirlər.

Emosional Zəkanın necə işlədiyini anlamaq üçün “Emotional Brain” və “Thinking Brain” qavramlarına nəzər salaq.

 

Hər kəs əsəbiləşə və özündən çıxa bilər. Bunu etmək çox asandır. Ancaq doğru insana, doğru ölçüdə, doğru zamanda, doğru səbəbdən dolayı və doğru şəkildə əsəbiləşmək heç də asan deyil. (Aristotel)

Heç düşünmədən bir anda nümayiş etdiyimiz davranışlar, kiməsə pis bir söz deməyimiz və ya kiməsə qışqırmağımız və bir müddət keçdikdən sonra peşmançılıq hisləri keçirdiyimiz, öz özümüzə “Bunu niyə etdim?” deyə sual verdiyimiz zamanlar mütləq olmuşdur. Bütün bu proseslərə səbəb olan bizim emosional beynimizdir. Emosional Beyin Düşünən Beyinə nisbətən çox sürətli qərarlar verdiyi üçün çox vaxt istəmədiyimiz nəticələr doğura bilər. Düşünən Beyin isə Emosional Beyindən fərqli olaraq daha rasional, yavaş və analitik düşünəndir. Emosional Beyinlə Düşünən Beyin arasındakı müddəti nə qədər çox uzada bilsək, davranışlarımızı bir o qədər nəzarətdə saxlaya bilərik. Misal olaraq, bir bəd xəbər aldığımız zaman duyğularımızı cilovlaya bilsək, hadisə ilə bağlı o dəqiqə qərar verməsək və bu müddəti biraz uzadaraq düşünən beynimizi işə salsaq, bir çox problemin həll edilməsinə imkan yaratmış olarıq. Bəlkə də, bir çox situasiyadan bu yolla rahatlıqla çıxa bilərik.

Emosional Zəkanın inkişaf etdirilməsi məsələsinə gəldikdə isə, təbii ki bu mümkündür. Aşağıda göstərilən bir neçə yol Emosional zəkanın inkişaf etdirilməsi üçün faydalıdır.

  1. Duyğularınızı tanıyın. Emosional Zəka öz emosiyalarımızı tanımağımızı tələb edir.Yaxşı tanımadığımız duyğularımızın inkişaf etdirilməsi də müşkül məsələdir. Çünki zəif və ya güclü tərəflərimizin nələr olduğunu bilmiriksə, dolayı olaraq nəyi necə inkişaf etdirəcəyimizi də bilməyəcəyik. Duyğuların tanınması dedikdə nə nəzərdə tutulur? Bunu bir az araşdırmaqda fayda var. Şübhəsiz, əsəbi olan bir insanın verdiyi təbii reaksiyaya görə onun əsəbi biri olduğunu anlamaq mümkündür. Qorxu ya qaçmaqla, ya da gizlənməklə nəticələnən bir emosiyadır. Xoşbəxtlik və sevgidən qaynaqlanan hormonlar sayəsində insan hüzurlu və sakit bir hala bürünür. Bunlar o qədər təbii nəticələrdir ki, insan bunlarla bağlı düşünməyi lazımsız görə bilər. Bütün bunların necə, nə zaman, hansı təsirlərlə meydana çıxıb, nə kimi nəticələr doğurduğu emosiyaları tanımaqla ortaya çıxmaqdadır. Duyğuların tanınması onların doğru şəkildə istiqamətləndirilməsinin ilk addımı olaraq dəyərləndirilə bilər. Əsəb halında beynin verdiyi xəbərdaredici siqnallar əgər məntiqi beyinlə müştərək hərəkət etmədən tamamilə impulsiv(qeyri-iradi,düşünülməmiş) şəkildə danvanışlarımıza sirayət edərsə, peşmanlıqlar ortaya çıxacaqdır. İnsanın həm özünə, həm də münasibətdə olduğu şəxslərə qarşı istəmədiyi şəkildə davranması qaçınılmaz olacaqdır. Emosional Zəkanın inkişafını reallaşdıran emosional təlim, az yaşlı uşaqlara duyğularını təyin etmələrinə kömək etməklə onları əsl duyğuları istiqamətində balanslı və tutarlı bir şəkildə hərəkət etməyə aparır. Bu da duyğuların tanınmasının vacibliyini aşkar edən bir vəziyyətdir. Bir uşağın nə hiss etdiyini bilməsi, niyə bu şəkildə hiss etdiyini bilməsindən öncə gəlir. Daxili dünyasındakı qarışıqlıq, duyğularını tanımasıyla azalacaqdır.

 

  1. Duyğuların olduğu kimi qəbul edilməsi

 

Hamımız fərqli insanlarıq. Fərqli olmaq başqalarından daha yaxşı və ya daha pis olmaq demək deyildir. Başqalarının düşüncə tərzlərinin sizinkindən fərqli olduğunu nə qədər tez başa düşsəniz, onları o qədər tez tanıyarsınız. Bu da bizim Emosional Zəkamızın inkişafı deməkdir. Emosional Zəkası yüksək olan insanlar başqalarının duyğu və düşüncələrini özlərinə qarşı bir təhlükə olaraq görməzlər, tam əksinə, maraq cəlbedici və yeni bir şey öyrənmə şansı olaraq dəyərləndirirlər.

Duyğular nə qədər şiddətli bir şəkildə hissedilərsə, bir o qədər də varlıqları qəbuledilməz bir vəziyyət ala bilər. İnsan münasibətlərində sevginin olduğu yerdə nifrət, heyranlığın olduğu yerdə qibtə, bağlılığın yanında düşmənlik, uğurun yanında narahatlıq ola bilər. Mənfi-müsbət və ziddiyətli bütün duyğuların reallığını qəbul etmək böyük bir bacarıq tələb edir. Uşaqlıq təlim və təhsilimiz bizi bunlara qarşı bir düşüncəyə hazırlayır. Bizə mənfi duyğuların pis olduğu, hiss edilməməsi və hiss edildiyində utanılması lazım olduğu öyrədilib. Ancaq düşüncə və duyğular deyil, davranışlar yaxşı və pis olaraq dəyərləndirilməlidir. Sadəcə davranışlar təqsirləndirilə bilər. Duyğuların, xəyalların, düşüncələrin mühakiməsi və qadağan olunması azadlıq və ağıl sağlamlığı cəhətindən təhlükəlidir.

Bir çox insan, xüsusilə mənfi duyğularıyla necə hesablaşacağını onlarla necə uzlaşmalı olduğunu öyrənə bilməmişdir. Nifrət bəslədiyində bunun məmnuniyyətsizlik olduğu, qorxduğunda qorxacaq bir şey olmadığı, ağrı keçdiyində isə cəsur olmağı və təbəssüm etməsinin lazım olduğu aşılanmışdır. Bir nümunə ilə daha da konkretləşdirək. Qardaşına qarşı qısqanclıq hissləri keçirərək ona zərər vermə məqsədi olan bir uşağa, görəsən neçə valideyn “Səni başa düşürəm, əslində ona nifrət edirsən” kimi ifadəylə qarşılıq verir? Bu bəlkə də, daha tez-tez qarşılaşdığımız ifadədir, “Əslində onu nə qədər çox sevdiyini bilirəm…” Valideynlər ilk başda öz uşaqlarının qısqanclıq duyğusuna sahib ola biləcəklərini qəbul etmək istəmirlər. Bu şəkildə inkar etdikləri təqdirdə, o duyğunun yox olacağını zənn edirlər. Ancaq hisslərini normal bir şəkildə ifadə edə bilməyən uşaqlarda dırnaq yemək, qaşıntı kimi anormal sayılan halların ola biləcəyini ortaya qoyan araşdırmalar var.

 

  1. Emosiyaların yüklədiyi məsuliyyətin fərqinə varmaq.

Burada nəzərdə tutulan duyğunun hiss edilməsindən qaynaqlanan məsuliyyət deyildir. Sözü gedən məsuliyyət hissedilən bu duyğunun sövq etdiyi davranış şəklinin yüklədiyi məsuliyyətdir. Emosional Zəka və IQ-nü düzgün bir şəkildə əlaqələndirə bilməyən insanların peşmanlıq duyğuları çox inkişaf etmişdir. Bu duyğu təsirli bir peşmanlıq duyğusu olaraq deyil, tez- tez bu duyğunu yaşadıqları üçün inkişaf etmişdir.

Hər insan xəta edə bilər, ancaq unudulmaması lazım olan məsələ odur ki, xətalar öyrənməyi dəstəklədiyi müddətdə bir məna ifadə edir. Xarakter halına çevrilməsinə yol verilən xətaların bəhanəsi ola bilməz. Vacib olan səhvlərin görülməsi və bu xətalardan dərs alınmasıdır. Bu mənada, etdiklərinin arxasında dura biləcək və xətalarından dərs çıxara biləcək fərdlər yetişdirmək lazımdır. Bu düşüncənin meydana gəlməsi və dolayı olaraq davranışların tənzimlənməsi, duyğuların yüklədiyi məsuliyyətin dərk edilməsinə bağlıdır. Bu səbəbdən, Emosional Zəkanın inkişaf etməsinə təsir edən faktorlardan biri də bu şüurluluqdur.

Problemləri həll edə bilmək, hər zaman bir çıxış yolu tapmaq bacarığı Emosional Zəkanın  qazandırdığı bir şeydir. Bu bacarıqlarımızı sistemli bir çalışmaq ilə inkişaf etdirə bilərik. Əgər problemlərdən qorxub qaçmazsaq və onları özümüzü isbatlamaq üçün bir fürsət olaraq dəyərləndirə bilsək, onları həll edə bilməməyimiz üçün heç bir səbəb qalmaz. Emosional Zəkada tənqid edə bilmək və tənqidə açıq olmaq da çox vacibdir. Bununla özümüzdəki mənfi və müsbət tərəflərimizi öyrənmə fürsəti eldə edə bilərik.

 

MƏNBƏ:

  1. DUYGUSAL ZEKA VE DUYGUSAL ZEKANIN GELİŞİMİNE KATKIDA BULUNAN ETKENLER, YÜKSEK LİSANS TEZİ, Firdevs MABOÇOĞLU, 2006 Ankara
  2. ( ÇAKAR ve Arbak, 2004: sh 24)
  3. ( SALOVEY ve Mayer, 1990: 185).
  4. https://www.linkedin.com/pulse/emotional-intelligence-balance-between-rational-brain-jyoti-sharma/.
  5. http://alpha.az/works/emosional-zeka/
  6. SHRM COMPETENCIES, sh 73
  7. https://www.psychologytoday.com/intl/basics/emotional-intelligence
  8. Haim G. Ginnot, a.g.e., 17,18., Ayrıca bkz. R. Yılmaz, a.g.t., s. 61.)

 

Leave your thoughts