Niyə bəzi insanlar iş tapmaqda çətinlik çəkirlər?

 

Kriz vaxtlarında işsizlik artır. Bu vaxtlarda iş tapa bilməmək normal qarşılana bilər. Amma hamımız şahid olmuşuq ki, iqtisadiyyatda havanın normal olduğu vaxtlarda da iş tapa bilməyən insanlar az deyil. Bu insanlardan sosial media platformalarında paylaşdıqları şikayət postları vasitəsi ilə də xəbər tuturuq. Ortada olan problemi görmək üçün isə fərqli eynək ilə iş axtaran şəxsin səyahətinə nəzər yetirmək lazımdır.

Namizədin səyahəti

İş axtaran şəxs Aqil (xəyali xarakter) ilk olaraq öz CV-ni hazırlayır və özünə uyğun gördüyü işlərə müaraciət etməyə başlayır. Daha sonra müraciət edilən işlərdən bəziləri geri dönüş edir və müsahibəyə çağrılır. Müsahibəyə gedən Aqil müsahibə zamanı verilən suallara cavab verir. Amma içindəki həyəcan onun özünü tam ifadə etməyinə mane olur. Belə olduqda o, müsahibə zamanı içindəki “çox pis, çox pis, məni bəyənmədilər” səsinə qulaq verir və elə həmin otaqda öz potansialının qarşısını alır.  Müsahibə bitir və bir neçə gün keçir və heç bir xəbər gəlmir; nə müsbət nə də mənfi. Bu hər kəsə bir az fərqli də olsa tanış gələn hekayədir. (Bu məqalədə məsələ namizədin perspektivindən ələ alınmışdır və heç bir şəkildə rekruterlərin və işəgötürənlərin səhvlərinin göz ardı edildiyi fikirləşilməsin.) CV necə hazırlanır, müsahibə suallarına hazırlaşmaq kimi texniqi məqamlardan daha çox iş tapmağın psixoloji bir səyahət olduğunu düşünmək lazımdır. Çünki, insan hər şeydən əvvəl psixoloji varlıqdır. Psixoloji olaraq özünü necə hazırlamalısan?

Real olmaq

Bacarıqlarınızı çox yaxşı analiz edin. Bacarıqlarınızı, nə olduğundan çox nə də olduğundan az göstərməyin. CV-də doğru məlumatlar yerləşdirin və CV-in dizaynını bir mütəxəssisə elətdirin.

Reallıq isə müraciət etdiyiniz işlərdə ortaya çıxmalıdır. “Hər yerə CV-ni göndər” düşüncə tərzindən çıxıb “ancaq bacarıq və təcrübənlə örtüşən vakansiyalara CV göndər” düşüncə tərzini mənimsəmək real olmağınıza gətirib çıxarcaqdır. Bu içinizdəki ”məni bəyənməyəcəklər” səsinin susdurulması üçün böyük əhəmiyyət daşıyır.

İnanmaq

“İnanmaq” addımının üç tərəfi mövcuddur. Birinci tərəf sizin üçün ideal olan işə müraciət etmədən öncə işin müsbət nəticələnəcəyinə inanmaqdır. Müraciət etdikdən sonra müsbət nəticələnəcyinə dair olan inancı qoruyub saxlamaq isə “inanmaq” addımının ikinci tərəfidir. Üçüncü tərəf isə mənfi nəticələndiyi təqdirdə daha yaxşı bir işin sizi gözlədiyinə inanmaqdır.

Həvəsdən düşməmək

İki üç yerdən mənfi nəticə gəldiyi halda namizədin avtomatik reaksiyası ümidsizliyə qapılmaq və həvəsdən düşmək olur. Halbuki heç bir yerdə belə bir qanun yoxdur ki; iki üç müraciətdən sonra iş tapacaqsınız. Bu yanlış düşüncə namizədlərin özlərinin qoyduğu qanundur. Əvvəlcədən, rədd edilməyin bu işin normal tərəfi olduğunu qəbul etmək isə sizin bu səyahətinizi asanlaşdıracaq və həvəsdən düşməyinizə maneə olacaqdır.

Nitq

“Dediklərimiz qarşıdakı insanın başa düşdüyündən ibarətdir.” Statistikalar göstərir ki, özünü yaxşı ifadə etməyi bacaran namizədlərə daha çox üstünlük veririlir. Özünüzü yaxşı ifadə etmək üçün isə nitqinizi və həyəcanınızı tərbiyə etməlisiniz. Bunun üçün onlayn pulsuz kurslar mövcuddur, onlardan yararlana bilərsiniz.

Yumşaq-bacarıqlar

Vəzifənizə aid olan bacarıqlarınızdan bəlkə də daha vacib olan yumşaq-bacarıqlardır (soft-skills). Karyera artımına nail olmaq üçün sizə lazım olan 7 yumşaq bacarıq isə belədir:

  • Emosiyonal Zəka. Emosiyonal zəka öz duyğularınızı və başqalarının duyğularını tanımaq və idarə etmək qabiliyyətidir
  • Komanda oyunçusu olmağı bacarmaq
  • Böyümə hədəfli düşüncə tərzi
  • Feedbacki normal qarşılamaq və inkişaf etmək üçün istifadə etmək
  • Mühitə rahat uyğunlaşa bilmək
  • Aktiv qulaq asma bacarığı
  • İş etikası.

Uğurlar!

 

Leave your thoughts